Verter effekti və ya kütləvi intiharların səbəbləri

Dostlarınla Paylaş

Psixologiyada «Verter effekti» deyilən bir fenomen mövcuddur. Effekt ilk dəfə dahi alman yazıçısı İohan fon Hötenin «Gənc Verterin iztirabları» adlı əsəriylə əlaqədar müşahidə olunduğundan, bu əsərin qəhrəmanının adı ilə də adlandırılıb. Əsər Verter adlı personajın intiharı ilə bitir. Əsərin təsir gücü o dərəcədə böyük olur ki, onun təsiri ilə özünəqəsd epidemiyası Avropanı bürüyür.Fenomen o qədər güclü səviyyə alır ki, bir çox ölkələrdə əsərin çapı və yayılması dövlət səviyyəsində qadağan edilir (Analoji hal 2000-ci ildə Murat Kəkilli adlı bir tanınmayan türk müğənnisinin ifa etdiyi «Bu axşam ölürəm» adlı mahnısı ilə əlaqədar da baş verdiyi, yəqin, çoxlarının yadındadır. Mahnının təsiriylə özünəqəsd halı bir epidemiya kimi Türkiyə ilə Azərbaycanda yayıldı və iş o yerə gəlib çatdı ki, hər iki ölkənin radiostansiyaları intiharların qarşısını almaq üçün, mahnını efirə verməkdən birdəfəlik imtina etdilər).
Fenomenin izahını Kaliforniya universitetlərindən birinin sosioloqu Devid Filips verdi. 1947-1962-ci illər ərzində ABŞ-ın ayrı-ayrı ştatlarında baş verən intiharlarla, həmin ştatın mətbuatında intiharlar barədə dərc olunan materialları əlaqələndirərək, Filips bu qənaətə gəlir ki, hansı ərəfədə hansı ərazinin mətbuatında intihar faktları barədə ardı-arası kəsilməyən geniş materiallar dərc olunubsa, orada bundan sonra intiharların sayı da həndəsi silsilə üzrə artmağa başlayıb. Onun tədqiqatlarına görə, intihar halının epidemiya şəkli alıb yayılmasında bu intiharlar barədə mətbuatın geniş materiallar dərc etməsi əlahiddə rol oynayır. Özü də, mətbuatda hansı məqam, hansı formalı intihar xüsusi qeyd olunur, vurğulanırsa, növbəti intiharçılar da özlərini məhz həmin qaydada öldürür, intihar stilində məhz həmin məqamı vurğulayır, saxlayırlar.
Beləliklə, özünə inamı olmayan və ya verilmiş situasiyada özünəinamsız, mütəəssir halda olan ayrı-ayrı individlərə çoxluğun «qrup təzyiqi» effektinin təsiri göz qabağındadır.Filipps intihar hadisəsi ictimailəşdirilmiş şəxslə  onun ardınca intihar etmiş şəxslərin situasiyaları arasındakı bənzərlikləri araşdırmışdır (intihar hadisəsi işıqlandırılmış şəxs yaşlı olduqda yaşlı insanlar arasındakı intihar hadisələrinin sayı artırdı; müəyyən sosial çevrəyə aid olduqda və ya müəyyən ixtisasa sahib olduqda isə həmin sferalarda intiharların sayı artırdı). Bundan başqa, Filipps intihar hadisəsi işıqlandırılmış şəxs və onun ardınca intihar etmiş şəxslərin intihar üsulları arasındakı bənzərlikləri də araşdırmışdır. İntiharı imitasiya reaksiyası, həmçinin özünə güvənməyən və bir çox şeydə digərlərindən nümunə götürməyə adət etmiş insanlara xasdır, ələlxüsus da canına qıymış insanların həyatları onlara öz həyatlarını xatırladırsa. Bu cür insanlar ümidlərini itirdikdə, problemlərinə digər həll yolu tapa bilmədikdə çox vaxt kiminsə intihar xəbərini özləri üçün işarət kimi qəbul edir və bir çox şeydə özlərinə bənzəyən insanın etdiyini təkrar edirlər.

Avstriyada XX əsrin 80-ci illərində metroda intihar hadisələrinin sayı həddindən artıq çoxaldıqda, 1987-ci ildə Vyana Krizis Mərkəzi və Vyana metropoliteninin əməkdaşları birgə xüsusi eksperiment apardılar: onlar “relslər üzərində ölüm” hadisələrini işıqlandırmamağı, ən azından “şişirib” sensasiyaya çevirməməyi və bu cür hadisələrə minimum diqqət yetirməyi qərara aldılar. Artıq 1 aydan sonra metrodakı intihar hadisələrinin sayı təxminən 3 dəfə azaldı. O vaxtdan Avstriya mətbuatında bu cür faciəvi hadisələrin işıqlandırılması qadağandır.

Devid Filipps həmçinin, Merilin Monronun ölümündən sonrakı intihar dalğasını da Verter effekti ilə izah etmişdir.

 

518 total views, 1 views today

FİKİR BİLDİR