Polis qapınızı döyərək “Açın, Polis!” deyərsə nə etmək lazımdır? (Qanunla)

Dostlarınla Paylaş

Nəyimə lazım mən ki cinayətkar deyiləm? Sualını verdiniz bilirəm. Amma bu heç də o demək deyil ki, sizin qapınızı polis döyə bilməz. Alt qonşunun şikayəti, hansısa polis reydi və s. ilə qarşılaşa bilərsiniz. Bu səbəbdən də bunları bilmə heç də pis olmaz.

İlk öncə, gələnin həqiqətən də polis olduğundan əmin olun. Ona öz sənədlərini qapının zəncirindən və ya “qlazok”dan göstərməsini tələb edin. Dost və ya yaxınlarınıza evinizə polisin gəldiyini zənglə xəbər verin. Onun adını, soyadını və atasının adını onlara deyin. Polisdən gəlişin səbəbini öyrənin

Onu qapıda gözlətmək yaxşı deyil deyirsinizsə

İnanın şəxsi təhlükəsizliyiniz etiket qaydalarından öncə gəlir.

Əgər sənədləri təqdim etməzsə

Bu zaman heç bir halda qapını açmayın. Polisə zəng edin (102)

 

Əgər qapını açmasan polisin qapını qırmağa ixtiyarı varmı?

“Polis haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən

Polis əməkdaşı tərəfindən hər hansı şəxsin mənzil toxunulmazlığı hüququnun məhdudlaşdırılmasına və yaşayış yerinə orada yaşayanların iradəsi ziddinə daxil olmasına yalnız aşağıdakı hallarda qanunvericiliklə müəyyən edilmiş qaydada yol verilir:
1) hakimin qərarı olduqda;
2) digər şəxslərin hüquq və azadlıqlarının qorunması, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin olunması və yaxud ağır cinayətlərin, bədbəxt hadisələrin, təbii fəlakətlərin, qəzaların, epidemiyaların və epizootiyaların qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması məqsədi ilə təxirəsalınmaz tədbirlər həyata keçirildikdə.

  1. Hakimin qərarı olmadan polis əməkdaşı yaşayış yerinə orada yaşayanların iradəsi ziddinə aşağıdakı əsaslardan birinin olması barədə dəqiq məlumatı olduğu halda bu Qanunun 25-ci maddəsində müəyyən edilmiş qaydada daxil olur:
    1) şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayətin törədilməsinə və ya həmin cinayətin törədilməsinə hazırlığın aparılmasına dəlalət edən əşya və ya sənədlərin yaşayış yerində gizlədilməsi;
    2) şəxsiyyət və ya dövlət hakimiyyəti əleyhinə cinayəti hazırlayan, törədən, törətmiş, azadlıqdan məhrum etmə və ya həbs yerlərindən, yaxud mühafizə altından qaçmış şəxsin yaşayış yerində gizlənməsi;
    3) yaşayış yerində insan meyitinin (meyit hissələrinin) olması;
    4) yaşayış yerində insanın həyat və ya səhhəti üçün real təhlükənin olması;
    5) cinayət törətmiş şəxsin bilavasitə «isti izlərlə» təqib edilməsi.

Bəs əgər mən artıq qapını açmışamsa?

Bir daha xahiş edin sənədləri göstərsin. Nəzərə alın ki, o polis fəaliyyətinə uyğun hərəkət etməlidir.

Maddə 25. Mənzil toxunulmazlığı hüququnun məhdudlaşdırılması ilə bağlı polis əməkdaşının vəzifələri

  1. Mənzil toxunulmazlığı hüququnun məhdudlaşdırılması ilə bağlı səlahiyyətlərini həyata keçirən polis əməkdaşı:
    1) bu Qanunun 24-cü maddəsinin I və II hissələrində göstərilmiş hallar və əsaslar olmadan yaşayış yerinə orada yaşayanların iradəsi ziddinə əsassız daxil olmamalıdır;
    2) yaşayış yerinə daxil olmazdan əvvəl orada yaşayan və ya müvəqqəti qalan başqa şəxsə yaşayış yerinə daxilolmanın əsaslarını bildirməlidir;
    3) yaşayış yerinə daxilolma ilə əlaqədar yaşayış yerində yaşayan şəxsə onun hüquqlarını, həmin şəxs yaşayış yerinə daxil olmağa icazə vermədikdə isə onun qanuna zidd hərəkət etdiyini izah etməlidir;
    4) yaşayış yerinə orada yaşayanların iradəsi ziddinə daxilolma zamanı zəruri müdafiə və ya son zərurət halları istisna olmaqla, təhlükəsiz üsul və vasitələrdən istifadə etməli, yaşayış yerində olan şəxslərin şərəf və ləyaqətinə, həyatı və sağlamlığına, mülkiyyətinə hörmətlə yanaşmalı, zərurət olmadan zərər vurulmasına yol verməməlidir;
    5) yaşayış yerinə orada yaşayanların iradəsi ziddinə daxilolma faktını Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilmiş qaydada təxirəsalınmadan protokollaşdırmalı və müvafiq polis orqanında qeydiyyatdan keçirməlidir;
    6) mənzilə orada yaşayanların iradəsi ziddinə hər bir daxilolma faktı barəsində 24 saat ərzində hakimə yazılı məlumat verməlidir;
    7) yaşayış yerinə daxilolma ilə əlaqədar yaşayış yerində yaşayanların şəxsi və ailə həyatının ona məlum olmuş hallarını açıqlamamalıdır.
    II. Polis əməkdaşı mənzil toxunulmazlığı hüququnun məhdudlaşdırılması ilə bağlı Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməlidir

Bütün baş verənləri mobil telefonunuza çəkin.

Digərlərinin də məlumatlı olması üçün paylaşın.

Mənbə: digger.az

loading…


557 total views, 1 views today

FİKİR BİLDİR