Mörfi (Murphy) qanunları nədir?

Dostlarınla Paylaş

Bu qanunların ilk nümunəsi hərbi mühəndis, ABŞ Hərbi Hava Qüvvələrinin kapitanı Edvard Mörfi Markham (Edward Murphy Markham, 1877-1950) tərəfindən 1949-cu ildə yazılıb. Sonra Mörfinin həmkarları, dünyanın bir çox ölkələrindəki davamçıları iş həyatında və ümumiyyətlə həyatda rastlaşdıqları tərslikləri yığcam qanunlar şəklində ifadə etməyə başlayıblar. Amma bu cür qanunlar üçün ortaq ad kimi onların ilk örnəyini yaradanın adı əsas götürülüb. Ayrı-ayrılıqda hər yeni qanun isə onu ixtira və ən uğurlu şəkildə ifadə edən şəxsin adını özündə yaşadır. Eynilə dəqiq elmlərdə olduğu kimi – riyaziyyatda, fizikada, kimyada və sair.

Bu qanunlarla gündəlik həyatda hamımız rastlaşırıq, amma çoxumuz onların varlığından xəbərsizik. Həyat – absurd (məntiqsiz) durumlarla dolu olduğundan hər şeydə müəyyən məntiq axtarmağın məntiqsizliyi əks olunub bu qanunlarda. Təsadüfi deyil ki, bütün bu müəlliflər kəşf etdikləri tərslik və məntiq(sizlik) qanunlarının “Mörfi qanunları” başlığı altında çap olunmasına razılıq veriblər.

Hər halda məntiqsiz bir şeyə iddialı olmağın mənasızlığını siz bizdən daha yaxşı bilirsiniz. O da var ki, bəzən məntiqsizlik hər cür məntiqdən daha güclü olur və onunla barışmaqdan, onu olduğu kimi qəbul etməkdən başqa sadəcə çarəmiz qalmır.

Mörfi qanunu: Əgər bir tərslik əvvəl-axır baş verəcəksə, o, baş verir.

Bu qanundan çıxan nəticələr:
Dünyada heç nə ilk baxışda göründüyü qədər asan deyildir.
İstənilən iş bizim zənn elədiyimizdən daha çox vaxt tələb edir.
Baş verə biləcək uğursuzluqlardan adətən ən betəri baş verir.
Əgər başınıza gələ biləcək dörd bəlaya qarşı öncədən tədbir almısınızsa, o zaman mütləq beşincisi (yəni nəzərə alınmayan) tapılacaq.
Hadisələri öz axarına buraxanda onlar mütləq və mütləq yaxşıdan-pisə doğru inkişaf edəcəklər.
Elə ki, bir işə girişirsən, mütləq böyürdən başqa bir iş çıxır ki, bunu eləmədən o birisi də mümkün olmayacaq.
Hər bir qərar yeni problemlər yaradır.

Çizholmun ikinci qanunu: Əgər işlər öz yolunda gedirsə, deməli, ən yaxın vaxtda nə isə bir qanqaraçılıq olacaq.

Bu qanundan çıxan nəticələr:
Əgər işlər son dərəcə bərbad vəziyyətdədirsə, yaxın gələcəkdə bu bərbadlıq daha da artacaqdır.
Əgər siz vəziyyətin yaxşıya doğru getdiyini zənn edirsinizsə, deməli, nə isə diqqətinizdən yayınıb.

Çizholmun üçüncü qanunu: Bir adamın irəli sürdüyü istənilən təklifi ətrafındakılar həmişə ondan fərqli anlayırlar.

Bu qanundan çıxan nəticələr:
Müddəalarınız “yanlış anlaşılmasın” deyə hər tədbiri görsəniz belə, sizi yanlış anlayan birisi həmişə tapılacaqdır.
Əgər bir hərəkətinizin çoxluq tərəfindən yekdilliklə bəyəniləcəyini zənn edirsinizsə, bu hərəkətdə nöqsan tapan birisi mütləq peyda olacaq.

Skottun birinci qanunu:
Birisinin yanlış yolda olduğu bir o qədər də önəmli deyil. Bəlkə də bu, kənardan yaxşı təsir bağışlayır…

Fineyqlın birinci qanunu:
Əgər eksperiment uğurla nəticələnibsə, deməli, burada şübhələnəcək nə isə var…

Fineyqlın üçüncü qanunu:
Yüz faizlik əmin olduğunuz və yoxlanmasına ehtiyac duyulmayan məlumat adətən yanlış çıxır.

Fineyqlın dördüncü qanunu:
Əgər işlər yolunda getmirsə, onları yoluna qoymaq üçün etdiyiniz hər cəhd durumu daha da qəlizləşdirəcəkdir.

Ginzberqin teoremi ilə bağlı Ermanın açıqlaması
Situasiya yaxşılaşmazdan qabaq həmişə pisləşir.
Axı, kim deyir ki, situasiya yaxşılaşa bilər?!

Mörfinin termodinamika qanunu:
Təzyiq göstərəndə hər şey pisə doğru dəyişir.

Padder qanunu:
Yaxşı başlayan hər şey pis qurtarır. Pis başlayan hər şey isə daha pis qurtarır.

Stokmayer teoremi:
Əgər bəri başdan bir iş sizə asan gəlirsə, deməli o, çətin başa gələcək. Yox, bir iş sizə bəri başdan çətin görünürsə, onda onun icrası ümumiyyətlə imkansız olacaqdır.

Boyarskinin gəldiyi nəticə
Hər hansı bir işi görmək bütün hallarda imkan xaricindədir.

Təyyarələr qanunu:
Bilet aldığınız təyyarə gecikdiyi halda bileti dəyişib minmək istədiyiniz digər təyyarə bir an öncə və sizsiz uçub gedir.

Velosiped sürmək haqda qanun:
Hara getməyinizin heç fərqi yoxdur – həmişə ya yoxuşa qalxırsınız, ya da üzü küləyə gedirsiniz!

Bric oyunu üçün keçərli qanun:
Günah həmişə partnyordadır, yəni tərəf müqabilindədir.

Pişiklərin bəxtsizliyi qanunu:
Pişik gəlib, sahibinin dizləri üstə yerini rahatlayıb xumarlanırsa, mütləq bir səbəb tapılacaq ki, sahibi yerindən qalxıb harayasa getmə ehtiyacı duysun.

Conson və Lerd qanunu:
Diş ağrısı həmişə cümə axşamı, özü də gecədən keçmiş şiddətlənir.

Ettorenin gəldiyi nəticə:
Qonşu növbə həmişə sən dayandığından daha sürətlə irəliləyir.

Bub qanunu:
Axtardığın vacib şey həmişə niyə görəsə ən son baxdığın cibdən çıxır.

Nəqliyyat qanunu:
Başqa vaxt bir günə çatdırılan yük sizə təcili lazımdırsa, onun nəqli ən azı beş günə gerçəkləşəcək.

Mikş qanunu:
Əgər kəndirin bir ucu varsa, deməli, onun ikinci ucu da olmalıdır.

Proqramlaşdırma qanunu:
Əgər bir işi görmək üçün sizə yeni proqram yazmaq lazım gəlirsə, mütləq bilgisayarın yaddaşında bunun üçün yetərli yer tapılmayacaq.

Bruk qanunu:
Bir işə hazırlıq zamanı iştirakçıların çoxluğu nəticənin ancaq ziyanınadır.

Şou prinsipi:
Elə bəsit sistem qurun ki, ondan istənilən axmaq da faydalana bilsin. O halda bu sistemdən təkcə axmaqlar faydalanacaqlar.

Cilbin etibarlılıq qanunları:
Bilgisayarlar etibarsızdır, adamlar isə onlardan da betər.
İnsanların etibarlılığına hesablanan istənilən sistem etibarsızdır.
Gizli yanlışlar üzə çıxarılan yanlışlardan daha çoxdur.

İBM qanunu:
İnsan düşünmək, maşın isə işləmək üçündür.

Tərslik qanunu:
Sonradan yerə düşəcək yaxmacın hansı üzünə yağ yaxmaq gərəkdiyini heç kim və heç vaxt bilməz.

Zərərli cazibə qanunu:
Əşya həmişə öz sahibinə ən çox zərər verəcək şəkildə yerə düşür.

Cenninq qanunu:
Yaxmacın yağ yaxılan üzü üstə yerə düşmə ehtimalı yerdəki xalçanın dəyərinə düz mütənasibdir.

Klipşteynin gəldiyi nəticə
Ən kövrək şey mütləq düşüb sınır.

Entoni qanunu:
Əlinizdən düşən alət elə nəhs yerə gedib girəcək ki, oradan çıxması heç cür mümkün olmayacaq.

Döşəmə qanunu:
Döşəmədən başqa harasa düşmək sadəcə olaraq imkansızdır.

Uatson qanunu:
Bir avadanlığa nəzarət edənlərin sayı nə qədər çox olarsa, onun sıradan çıxma ehtimalı da bir o qədər artır.

471 total views, 2 views today

FİKİR BİLDİR