Məşhurların Nobel mükafatından imtina etmə səbəbləri

Dostlarınla Paylaş

 

Əksər elm və mədəniyyət xadimləri dünyanın ən nüfuzlu Nobel mükafatını almaq arzusu ilə yaşayırlar. Lakin tarixdə bu mükafatdan imtina edənlər də olub. Görəsən, onlar kimdir və niyə belə addım atıblar?

Mükafatı geri çevirən yazıçılar

Nobel mükafatından imtina edənlərə daha çox ədəbiyyat sahəsində rast gəlinir. Onlardan ən məşhuru rus yazıçısı Lev Nikolayeviç Tolstoydur. O, 1906-cı ildə Rusiya Elmlər Akademiyasının onun namizədliyini irəli sürmək niyyətində olduğunu biləndə, fin tərcüməçisi Arvid Yarnefeltə məktubunda mükafatı almaq istəmədiyini yazaraq bunun qarşısını almaq üçün tədbir görməsini xahiş etdi. Çünki Tolstoya görə, pul şər mənbəyidir. Yazıçının həmin mükafatdan götürəcəyi böyük məbləğ daha böyük şər gətirəcəkdir. Doğrudur, Nobel komitəsinin bəzi üzvləri də Tolstoyun namizədliyinə mənfi yanaşdılar. Məsələn, İsveç Akademiyasının katibi Karl Virsen rus yazıçısı barədə deyib: “Bu yazıçı sivilizasiyanın bütün formalarına qarşı çıxıb və əvəzində ibtidai həyat tərzinə keçməyi təklif edib”. Nəticədə italiyalı şair Cozue Karduççi Nobel mükafatına layiq görüldü ki, hazırda bəzi ədəbiyyatşünaslardan başqa onun adını xatırlayan yoxdur.

…Sovet yazıçısı Boris Pasternak da mükafatı almaq istəməyənlər sırasındadır. Lakin Tolstoydan fərqli olaraq Pasternakın imtinası məcburi idi. Belə ki, yazıçının 1957-ci ildə işıq üzü görən “Doktor Jivaqo” əsəri Sovet hakimiyyəti tərəfindən antisovet kitab kimi dəyərləndirildi. Bu səbəbdən Pasternak cəmiyyətdə müxtəlif təzyiqlərlə üzləşdi. O, SSRİ Yazıçılar Birliyindən çıxarıldı, ictimai qınağa tuş gəldi. Ona qarşı institutlarda, zavodlarda, dövlət qurumlarında, yaradıcı birliklərdə izdihamlı yığıncaqlar keçirildi. “Oxumamışam, amma qınayıram” ifadəsinin yaranması məhz Pasternakın “Doktor Jivaqo” əsəri ilə bağlıdır.

Nəhayət, 1958-ci ildə məşhur fransız yazıçısı Alber Kamyu tərəfindən Nobel mükafatına namizədliyi irəli sürülən Pasternak “lirik poeziya və böyük rus nəsrində görkəmli xidmətlərə görə” Nobel medalı ilə təltif edildi. Lakin ədəbi hadisə Sovet hakimiyyəti tərəfindən birmənalı qarşılanmadı. Yazıçının mükafatlandırılması Qərbin antisovet yaradıcılığına dəstək verməsi kimi qiymətləndirildi. Ona görə də yazıçıya təzyiqlər gücləndi. Bunu görən Pasternak mükafatdan imtina etdi. Nobel komitəsi imtinanı anlayışla qarşılayaraq illər sonra, 1989-cu ildə diplom və medalı Pasternakın oğluna verdi.

Sovet rejiminə qarşı dissident fəaliyyəti ilə məşhurlaşan digər rus ədibi Aleksandr Soljenitsının mükafatdan imtina səbəbi Pasternak ilə oxşardır. Stalin dövründə əmək düşərgələrində həbsə məhkum edilən, SSRİ Yazıçılar Birliyindən çıxardılan Soljenitsın 1970-ci ildə “böyük rus ədəbiyyatı ənənəsindən qaynaqlanan əxlaqi qüvvəyə” görə Nobel mükafatına layiq görüldü. Yazıçının ilk kitabının nəşrindən ona mükafatın verilməsinədək cəmi 8 il vaxt keçmişdi. Belə hadisə Nobel mükafatı tarixində indiyədək təkrarlanmayıb. Sovet hakimiyyəti dissident yazıçının mükafatlandırılmasını siyasi akt olaraq dəyərləndirdi. Və Soljenitsına ölkədən həmişəlik getməyi təklif etdi. Bundan sonra Vətəninə geri dönə bilməyəcəyindən qorxan yazıçı mükafatı almaq üçün xaricə getməkdən və Nobel mükafatının təqdimat mərasimində iştirakdan imtina etdi. Yalnız SSRİ-dən sürgün edildikdən beş il sonra o, mükafatı ala bildi. Lakin Soljenitsının özü də etiraf edirdi ki, mükafat ona siyasi motivlərə görə verilib.

Nobel mükafatını almaq istəməyən ən məşhur qərb yazıçısı isə Jan Pol Sartrdır. Hətta o, “Nobel mükafatından niyə imtina etdim?” adlı bəyanat da verib. Sartr bəyanatında həmişə fəxri adlardan qaçdığını bildirib. Onun fikrincə, fəxri ad qələm sahibinin müstəqilliyini şübhə altına alır, oxuculara nüfuzu ilə təzyiq göstərir və yazıçının dünyagörüşünü mükafat verən qurumla bağlayır. Sadə dillə desək, yalnız Nobel mükafatı aldığı üçün oxucular onun kitabını almaq istəyəcək, həmçinin Nobel Komitəsinin adına xələl gəlməsin deyə, yazıçı hər düşündüyünü qələmə ala bilməyəcək. Bələ vəziyyətlə qarşılaşmaq istəməyən Sartr mükafatı geri çevirdi.

Ədəbiyyat sahəsində Nobel mükafatından imtina hadisəsi sonuncu dəfə 2004-cü ildə baş verib. Avstriya yazıçısı Elfrid Elinekiyə “sosial standartların absurd mahiyyətini açan roman və pyeslərdə musiqili ahəngə görə” Nobel mükafatının verilməsinə baxmayaraq, o buna layiq olmadığını bildirərək təqdimat mərasiminə qatılmadı.

Nobel mükafatına qarşı səsləndirilən tənqidlər

1973-cü ildə “Vyetnam münaqişəsinin həlli istiqamətində birgə fəaliyyətə görə” Şimali Vyetnamın siyasi xadimi Le Dık Txo və ABŞ-ın dövlət katibi Henri Kissincer mükafata layiq görüldülər. Le Dık Txo Vyetnamda əsl sülhün əldə olunmadığını əsas gətirərək, mükafatı götürmədi. Bəzi Nobel mükafatı laureatları isə “insan ölümünün”, yəni dinamitin istehsal və satışı üzərində qazanılan mükafatın “qanlı pulları”nı almaq istəmədiklərini bildiriblər (məlum olduğu kimi, Alfred Nobel dinamiti ixtira edən şəxsdir).

..Xüsusən ədəbiyyat üzrə Nobel mükafatı ciddi tənqid olunur. Çünki mükafat, adətən, Qərb dünyasından, əsasən də Skandinaviya ölkələrindən çıxan ədiblərə verilir, Şərq dünyası isə nəzərə alınmır. Tənqidçilər bildirirlər ki, Nobel Komitəsinin üzvləri sol siyasi dünyagörüşə malik şəxslərdir. Odur ki, bu qurumun seçimində siyasi motiv böyük rol oynayır. Bunun ən bariz nümunəsi Luis Xorxes Borxesdir. Argentinalı yazıçı müasir dövrün görkəmli söz ustalarından sayılsa da, indiyədək Nobel mükafatı almayıb. Buna səbəb yazıçının Çili diktatoru Auqusto Pinoçetlə görüşməsi, onunla salamlaşması və kommunistləri təqib etdiyi üçün dövlət başçısına təşəkkürünü bildirməsidir.

Nobel mükafatı laureatlarının ədəbi fəaliyyətlərinə baxdıqda ideoloji amil açıq-aydın nəzərə çarpır. Bu mükafat, adətən, üsyankar, cəmiyyətin qadağalarına qarşı çıxan, yaxud ölkələrində anlaşılmazlıqla üzləşən qələm sahiblərinə verilir. Məsələn, Nobel mükafatı alan beş rus yazıçısından dördü Sovet hakimiyyəti ilə münaqişə yaşayıb. Türk yazıçısı Orxan Pamukun da mükafata layiq görülməsi birmənalı qarşılanmır və onun qondarma erməni soyqırımını tanıması faktı ilə əlaqələndirilir.

Bütün bu sadalananlar isə nüfuzlu və görkəmli namizədlərin kənarda qalmasına, az tanınan, daha zəif yazıçıların mükafatlandırılmasına yol açır ki, bu məqamı bəzi Nobel mükafatı laureatlarının özləri də məruzələrində bildiriblər.
1919-cu il Hind şairi Rabindranat Taqor ingilis hərbçiləri tərəfindən Amritsardakı dinc nümayişçilərə qarşı qanlı tədbirin həyata keçirilməsinə cavab olaraq 1913-cü ildə “Qitancali” əsərinə görə aldığı Nobel mükafatından imtina edir. Qeyd edim ki, bu, Şərq dünyasına verilmiş ilk Nobel mükafatı olmuşdur.
Tənqidlərə baxmayaraq, Nobel mükafatının təqdimatı mühüm elmi-mədəni hadisədir.

525 total views, 1 views today

FİKİR BİLDİR