Həyatın bitdiyi ərazi. Çernobıl illər sonra

Dostlarınla Paylaş

Tarixin ən böyük fəlakətlərindən biri olan Çernobıl fəlakəti 26 Aprel 1986-cı ildə baş vermişdir. On minlərlə insanı köçməyə və ölümcül xəstəliklərə məhkum edən Çernobıl faciəsinin üzərindən 30 ildən çox vaxt keçməsinə baxmayaraq buraxdığı izlər hələ də yer üzündən silinməyib. Partlamış 4-cü enerji blokunun təhlükəsizləşdirilməsində 129 azərbaycanlı da iştirak etmiş və radioaktiv şüalanmaya məruz qalmışdır. Çox adam Çernobılda bomba düzəldildiyini hesab etsə də, Çernobıl Atom Elektrik Stansiyası olmuşdur. Burada elektrik istehsal olunurdu.

 

Çernobıl fəlakətindən illər sonra turizm sahəsi bu ərazidən istifadə etməyə başladı. Artıq müxtəlif turizm şirkətləri buraya gəzinti turları təşkil edir. Tura başlayarkən radiasiya səviyyəsini ölçmək üçün kiçik bir alət əldə etmək mümkündür. Çernobılda gəzərkən tərk edilmiş evləri görə bilərsiniz. Partlayışdan sonra 30 kilometr yaxınlığındakı bütün yaşayış yerləri boşaldılıb. Buradan köçən insanlara isə Kievdə evlər verilib. Bəzi insanlar bir müddət sonra doğulub böyüdükləri yerlərə geri qayıdıb. Hal-hazırda burada çox az sayda insan yaşayır. Binalar vaxt keçdikcə oğrular tərəfindən yağmalanıb. Geridə təkcə qəzet, kitab, oyuncaq kimi kiçik şeylər qalıb. Bəzi əşyaları dövlət Kievdəki Çernobıl muzeyi üçün götürüb.

 

Reaktorun yaxınlığında radiasiyanın səviyyəsi şəhər mərkəzindən 28 qat daha çoxdur. Bu səbəbdən turistlərin dərisinin radiasiyaya məruz qalmaması üçün uzun şalvar və uzun qollu geyimlər verilir. Qayıtdıqdan sonra bütün paltarların yuyulması məsləhət görülür.

 

Partlayışdan sonra 4-cü reaktor möhürlənsə də, digər 3 reaktor işləməyə davam etmişdir. 1991-ci ildə 2 nömrəli reaktorda yanğın baş verib və dəymiş zərər səbəbindən bağlanıb. Daha sonra digər ölkələrin də kənardan təzyiqləri nəticəsində 1996-cı ildə 1-ci, 2000-ci ildə isə 3-cü reaktor dayandırılmışdır.

 

Eyni zamanda partlayışdan sonra üzəri qurğuşun, bor və qum ilə örtülən 4 nömrəli reaktorun tavanı vaxt keçdikcə çatlamağa başlayıb və radiasiya yayılmağa davam edib. 2012-ci ildə Fransanın Novarka şirkəti radiasiya sızıntısını 100 il müddətində aradan qaldıra biləcək yeni tavan proyekti üzərində işləməyə başlayıb. Proyektin 2017-ci ildə bitirilməsi planlaşdırılır.

loading…


1,461 total views, 3 views today

FİKİR BİLDİR