“Dilimin Ucunda” hallarının baş vermə səbəbi

Dostlarınla Paylaş

Hamımız bununla üzləşirik. Danışdığımız yerdə, bir söz yadımızdan çıxır və “Nə idi bu söz?” deyə düşünməyə başlayırıq. Əslində sözü bilirik ancaq heç cür xatırlamaq olmur. Dilinizin ucuna gəlmiş və orada yapışıb qalmış haldadır.

Bu vəziyyətin elmi adı “dilimin ucunda sindromu”dur (tip of the tongue syndrome). İlk dəfə 1890-cı ildə psixoloq William Ceyms tərəfindən adlandırılan bu sindromun bir çox dildə özünəməxsus bir ifadəsinin olması sindromun əslində bir çox xalqlarda da yaşandığının göstəricisidir. Məsələn, Koreyalılar bu vəziyyətlə qarşılaşdıqda “dilimin ucunda parlayır”, Estoniyalılar isə “dilimin üstündə” ifadəsini istifadə edirlər.

“Dilimin Ucunda” Hallarının Səbəbi Nədir?

Düşüncələrin sözlərə çevrilməsi olduqca asan baş verdiyi üçün ümumiyyətlə sadə hesab edilən, lakin əslində olduqca mürəkkəb bir prosesdir. Beynimiz, mücərrəd anlayışlardan formalaşan düşüncələri əvvəl sözlərə çevirir və sonra bunları uyğun səslərlə uyğunlaşdırır. Nəticədə danışırıq. “Dilimin Ucunda” vəziyyətlərində isə bu proses kəsilir. Normal halda söz xatırlama olduqca sürətli və asan reallaşır. Ancaq “dilimin ucunda” anlarında, sistem çökür və sıxışıb qalırıq.

Bu vəziyyət xatırlamada keçici bir pozulmanın meydana gəldiyi psixolinqvistik bir proses ola bilər. Bəzi araşdırmaçılar, bu fenomeni yaddaş çağırma prosesini dəyişikliyə uğradan bir amil, bəziləri isə beyindəki xatırlama müddətinin anlıq çöküntülərində ortaya çıxan hiss olaraq təyin edirlər.

Keçmişdə aparılan araşdırmalar 18-22 yaş arasındakı insanların “dilimin ucunda” anlarını həftədə bir və ya iki dəfə, daha yaşlıların (65-75 yaş arası) isə həftədə ən azı iki dəfə yaşadıqlarını ortaya qoyur. Yaşlanma, yuxusuzluq, qorxu, alkohol və narkotik asılılığı kimi faktorlar, fiziki və əqli sağlamlığa mənfi təsir etdiyindən, “dilimin ucunda” anlarının yaşanma tezliyi bu vəziyyətlərdə daha da artır.

Bir şeyi xatırlamağa çalışdığınız zaman, beyniniz yaddaş əlaqələrinizi axtarır, hipokamp və digər beyin bölgələri “şifrələnmiş” yaddaşlara daxil olmaq üçün birlikdə çalışır. Uzun müddətli yaddaş, qısa müddətli yaddaşdan daha güclüdür. Yəni iki gün əvvəl günorta yeməyində nə yediyinizi xatırlamaq, universitet tətilinizi xatırlamaqdan daha çətindir.

Digər tərəfdən, bir məlumat üzərində uzun müddət düşünməsəniz, bu yaddaşı sonradan xatırlamaq daha çətin olur. Yəni bu yaddaş beyninizdə qalır, ancaq müəyyən müddətdir onunla əlaqədar bir məlumatı istifadə etmədiyinizdən bir az “tozlanmışdır”.

Beyin, fəaliyyəti ilə əlaqədar olaraq məlumatı əhəmiyyət sırasına görə yerləşdirən bir otaq kimidir. Bu otaqda da “istifadə et ya da itir” prinsipi tətbiq olunur. Məsələn telefon nömrələri, onları yaddaşınızda saxlamanız artıq lazım deyil, çünki telefonlarınızda qeyd ediliblər. Bu səbəbdən, telefon nömrələri yaddaşınızda əhəmiyyət sırasının sonlarında yerləşdirilir. 2015-ci ildə “Nature” jurnalında nümayiş olunan bir araşdırma, yaddaşımızda içərisinə daha sonra bəlkə istifadə edilər deyə əhəmiyyətsiz məlumat toplandığı bir növ “bəlkə lazım olar qovluğu” olduğunu irəli sürür. Bu araşdırma, artıq istifadə etmədiyimiz sözləri bir müddət sonra hansı səbəbdən unutduğumuza dair fikirlər formalaşdıra bilər.

“Dilimin ucunda” sindromu hər nə qədər məşhur olsa da bu əqli prosesin nəyə görə kəsintiyə uğradığı tam mənası ilə bilinmir. Ancaq aparılan bir başqa araşdırma “dilimin ucunda” vəziyyətlərini kofein qəbulu ilə əlaqələndirir. Araşdırma iştirakçılarına 200 mq. kofein və ya plasebo təsiri yaradan bir maddə verilir. Araşdırma nəticələri “dilimin ucunda” hallarının kofein qəbul edən qrupda daha çox müşahidə edildiyini ortaya qoydu. Nəticələr, adenozin reseptorlarının kofein ilə blok edilməsinin fonoloji xatırlama sistemindəki qısa müddətli dəyişkənlik təsirini artırdığı fərziyyəsini dəstəkləyir.

Xatırlanmağa çalışılan və yada düşmədiyinə görə hirslənməyimizə səbəb olan söz üzərində daha çox düşündükcə, ondan daha da uzaqlaşırıq. Lakin “google” sayəsində bu sözü asanlıqla tapa bilərik. Kanadadakı McMaster Universitetinin əməkdaşı Dr. Karin Humphreysin etdiyi bir araşdırma isə bu sözü gələcəkdə yenidən unudacağınızı irəli sürür.

Universitet tələbələri ilə aparılan təcrübədə, iştirakçılara “dilimin ucunda” vəziyyətlərini tətikləyən bir neçə söz təqdim edildi və onlardan bu sözləri söyləmələri istənildi. Məsələn, “Mağaraları kəşf etmə idmanının adı nədir?” (İngilis dilində bu idmana verilən ad “spelunking”dir)

Əgər söz iştirakçını çaşdıraraq “dilimin ucunda” vəziyyətinə salsa, onlara düşünmələri üçün bir az vaxt verildi. İştirakçı sözü yanə də xatırlamazsa, araşdırmaçılar sözü söyləyirdilər. Təcrübə eyni iştirakçılar, eyni tərif və eyni sözlərlə müxtəlif müddətlərdə təkrarlandı və iştirakçıların növbəti dəfə sözü xatırlayıb xatırlamamaq vəziyyətləri arasında bir dəyişiklik meydana gəlib gəlmədiyi müşahidə edildi. Lakin maraqlı bir şəkildə, 7 gün və ya 5 dəqiqə sonra da edilsə, nəticənin dəyişmədiyi görüldü. Bir çox insan eyni sözlərdə təkrar-təkrar “dilimin ucunda” anlarını yaşadı.

Araşdırmaçılar, əldə etdikləri nəticələrin edilən səhvlərin bu səhvləri gücləndirmə meylində olduğu və təkrar ortaya çıxmasına səbəb olduğu düşüncəsini dəstəklədiyini qeyd edir. Yəni, adını unutduğunuz bir aktyorun və ya aktrisanın adını xatırlamaq üçün IMDb-yə (Internet Movie Database) müraciət etdiyinizdə əslində unutqanlığınınızı daha da dərinləşdirərək səhvinizi gücləndirirsiniz.

“Dilimin Ucunda” Hallarının Qarşısını Necə Almaq Olar?

Yeni aparılan araşdırmalar bu vəziyyətlərə maneə törətməyə dair bəzi potensial yollar təqdim edir. Məsələn Humphreys’in təcrübəsində, iştirakçılar sözü xatırlamaqda çətinlik çəkdikləri zaman onlara birbaşa cavabı söyləmək əvəzinə xatırlamalarına köməkçi olmanın növbəti dəfə sözün unudulmasına maneə törədə bildiyi nəticəsi əldə edildi. Yəni sözün ilk bir neçə hərfini söyləmək kimi fonoloji ipucu verildikdə iştirakçılar sözü tapa bilsələr növbəti dəfə bu sözü xatırlamaları daha mümkün hala gəlir.

Çünki, təməl səviyyədə beynimiz şəbəkə quruluşundadır və hər əməliyyat üçün yeni şəbəkələr qurulur. Sözün xatırlanması üçün də sadə mənada şəbəkələr qurulmalıdır. Bu vəziyyəti belə izah edə bilərik: məsələn, son nöqtəsi C olan A-B-C şəklində bir yol layihəmiz var. C nöqtəsinə çatmaq üçün A, B və C nöqtələri arasında yol çəkməyimiz lazımdır. Sözü birbaşa demək, C nöqtəsinə sıçramalı çatmağı təmin edir. Ancaq xatırlamağa köməkçi olmaq isə A-dan B-yə və nəhayət B-dən C-yə bir yol qurulmasına səbəb olur. Beləliklə də A-B-C yolu tamamlanır. Sıçramalı xatırlatmalar, əlaqənin pozulmasına səbəb olacağı üçün gələcəkdə xatırlamağı çətinləşdirəcək, ancaq xatırlatmağa köməkçi olmaq isə əskik əlaqələrin qurulmasını və yol layihəsinin tamamlanmasını təmin edərək xatırlamağı növbəti dəfə üçün daha asan hala gətirəcək.

Bu səbəbdən, dilinizin ucundakı sözü tapmaqda çətinlik çəksəniz, ətrafınızdakı insanlardan sizə bu əlaqələrin qurulması nöqtəsində köməkçi olmasını istəyin. Nə deməyə çalışdığınızı açıqlayın və onlardan ipucu istəyin.

413 total views, 2 views today

FİKİR BİLDİR