Blokçeyn (blockchain) nədir?

Dostlarınla Paylaş

1989-cu ildə Berlin divarının yıxılması 20-ci əsrin ideoloji mübarizəsinin sonu idi. Cəmi 1 il sonra internetin bütün dünya əhalisinə açılması baş verdi. Bu artıq dünya nizamının tamamilə dəyişməsi demək idi. 90-cı illərin sonlarında internet çox böyük sürətlə inkişaf etməyə başladı, 2000-ci illərin əvvəllərində Azərbaycan kimi ölkələrə də gəlib çıxdı. Hazırda 3 milyarddan çox insan internetdən istifadə edir. Planet əhalisinin təxminən hər 2 nəfərindən biri. Artım sürətini nəzərə alsaq 2030-a kimi internetə çıxışı olmayan olmayacaq.

İnternetin sürətli inkişafı təkcə alternativ mediaya şərait yaratmırdı. Tezliklə Google, Facebook kimi şirkətlər peyda oldu və dünyada paradigmaları dəyişdirdi.

2000-ci illərin əvvələrində internet texnologiyaları ilə bağlı mühüm bir kəşf də var idi: BitTorrent. BitTorrentin meydana çıxmasından qabaq faylların internetdən yüklənməsinin yalnız bir yolu var idi. Onu hansısı serverdən ya birbaşa, ya da FTP kliyent vasitəsiylə yükləmək. Hər iki halda fayl hansısa serverin(kompüterin) sərt diskində mövcud olmalı idi. BitTorrent isə pirinq adlı anlayışını leksikona daxil etdi. Pirinq elə bir prosesdir ki, burada faylın 1 kompüterdə tam olması vacib deyil. Fayl milyonlarla hissələrə bölünə bilər və hər bir pirinq sistemində olan istifadəçi faylın müəyyən bir qisminə sahib ola bilər. Faylı orijinal yükləyən onu ən azı bir istifadəçiyə ötürdükdən sonra özü şəbəkəni tərk edə də bilər. Amma bu zaman faylın kopyaları digər istifadəçilər tərəfindən yayılacaq. Əsas məsələ faylın yayılması üçün kriptoqrafik imzalanmış uzun və mürəkkəb koda sahib olmaqdır.

BitTorrentin unikallığı istənilən faylın internetə çıxışı olan istənilən insana əlçatan olmasıdır. Hətta BitTorrent o qədər geniş yayılır ki ABŞ hökümətini “Digital Millenium Copyright Act” adlı sənədi qəbul etməyə məcbur edir ki, müəllif hüquqlarını qorusun. Aktın nə qədər effektiv işlədiyini bilmirəm, amma hazırda bir çox inkişaf etmiş ölkələrdə BitTorrent istifadəsi qadağandır. Çünki BitTorrent əqli mülkiyyətə təhlükə yaratmaq bir tərəfə, əyləncə sənayəsinin(kino və musiqi) tam çöküşünə səbəb ola bilərdi. Amma prosesin qarşını almaq mümkün deyil.

2008-ci il. Dünyanın ən böyük iqtisadi gücü olan ABŞ-da iqtisadi böhran başlanır. Neft görünməmiş sürətlə bahalanır. Sözsüz ki, böhran sürətlə digər iqtisadi güclərə – Avropa Birliyinə və Çinə, sonra isə bütün dünyaya yayılır. Böhran şokunun sürətlə yayıldığı vaxtda 31 oktyabr 2008-ci ildə Satoşi Nakamoto imzasıyla naməlum şəxş məqalə dərc edir və ilk dəfə olaraq yeni növ kriptovalyuta – Bitcoin haqqında məlumat verir. Bitcoin bütün ənənəvi maliyyə institutlarının üstündən xətt çəkərək yeni pul konsepsiyasının başlanğıcı qoyur. 2009-cu ildən başlayaraq bu texnologiyaya maraq sürətlə artır. Hətta o qədər ki, 2010cu ildə 20 sentə alına bilən bitcoinin bugünkü dəyəri (oktyabr 2017) 5800 dollara yaxındır.

Bilirik ki, pulun özünün heç bir dəyəri yoxdur, adi kağız parçasıdır. Pul ona görə dəyərə sahibdir ki, onu biz dəyərli olaraq qəbul edirik. Məsələn, mən durub rəngli kağız buraxsam heç kim onu pul kimi qəbul etməyəcək. Rəngli kağızın pul kimi qəbul olunması üçün onun arxasında maliyyə institutları, hökümət durmalıdır. ABŞ dolları ona görə qiymətlidir ki, arxasında bir nömrəli iqtisadi güc durur. Bəs bitcoində necə? Kriptovalyutanın arxasında heç bir hökümət durmur, internet durur. İnternet isə heç kimin deyil.

Bəs bitcoin necə işləyir? Yuxarıda qeyd etdiyim kimi. Kollektiv inam prinsipi ilə. Hamı qəbul edəndə ki, bitcoin dəyərlidir, deməli dəyərlidir. Texnologiyanın özünün işləmə prosesi bir qədər mürəkkəbdir. Ənənəvi maliyyə sistemində pul əməliyyatları bank vasitəsiylə olur. Hər bir transaksiya qeydiyyata alınır, pulların haradan hara getdiyi aydın olur. Banklar beynəlxalq ticarəti təmin edir, valyutaları bir birinə çevirir. Bitcoində isə pul və transaksiyanın özü rəqəmsaldır. Hər bir transaksiya kriptoqrafik olaraq şifrələnib ötürülür. Yəni istifadəçilər bir birinə bitcoin göndərəndə göndərən də alan da uzun şifrələnmiş rəqəm və hərflərdən ibarət kod görür. Sistem özü onu pul kimi görür və qəbul edir. Bu sistemin adı blokçeyndir(blockchain). Sistemdə hər şifrə unikaldır və kopyalana bilməz. Yəni saxta pul kəsmək mümkünsüzdür, yaxud pulu 2 dəfə xərcləmək olmaz. Ən əsas məsələ isə bitcoinin arxasında maliyyə institutunun olmamasıdır. Yəni onu çap edən mərkəzi bank yoxdur. Mərkəzləşməmiş sistemin olması dövriyyədə olan bitcoinin miqdarının ancaq blokçeyn tərəfindən bilinməsi deməkdir. Digər vacib məsələ isə bitcoin sayının limitli olmasıdır. Sayın limitli olması infilyasiyanın qarşısını alır, ancaq defilyasiya ola bilər, yəni pul zaman keçdikcə yalnız dəyər qazana bilər.

Bitcoinin meydana çıxması Blokçeyn anlayışını da ortaya qoydu. Artıq bütün proseslərin rəqəmsallaşması qaçılmazdır. Ölkələrin pulları dəyərsizləşdikcə onların əhalisi bitcoinə üz tutacaq. Hazırda da elədir. Blokçeyn mövzusu ən yüksək dairələrdə belə müzakirə olunur, artıq tətbiq edəkmi etməyəkmi müzakirə olunmur, nə vaxt tətbiq edək müzakirə olunur. Bütün ənənəvi sistemlərin, o cümlədən səsvermənin, mülkiyyətin(bunun mexanizmini mən də bilmirəm) belə bu sistemə keçəcəyi gözlənilir. Ukrayna korrupsiya ilə mübarizə üçün blokçeyn əsaslı sistem hazırlayır.

Blokçeynə bütün internet istifadəçiləri qoşulduqdan sonra bütün dünya vacib seçim qarşısında qalacaq. Hamımız insan olaraq birləşib qlobal problemləri həll edəkmi? Elm və texnologiyanı insanlıq naminə tətbiq edəkmi? Görünür ki, bütün bunlar qaçılmazdır.

1,135 total views, 2 views today

FİKİR BİLDİR