Atmosfer və nəfəs

Dostlarınla Paylaş

Həyatımızın hər dəqiqəsində nəfəs alarıq. Həmişə ciyərlərimizə hava çəkər və tezliklə həmin havanı geri verərik. Bunu o qədər çox edərik ki, “normal” bir əməliyyat olduğunu düşünərik. Halbuki əslində nəfəs almaq çox mürəkkəb əməliyyatdır.

Bədən sistemimiz elə tənzimlənmişdir ki, nəfəs alarkən bu işi düşünməyimizə ehtiyac qalmaz. Yeriyərkən, qaçarkən, kitab oxuyarkən hətta yatarkən, bədənimiz həmişə nə qədər nəfəs almalı olduğumuzu hesablayar və ciyərlərimizi bunun əsasında işlədər. Nəfəs almağa bu qədər çox ehtiyac duymağımızın səbəbi, bədənimizdə hər saniyə baş verən milyardlarla fərqli əməliyyatın, həmişə oksigen sayəsində baş verən reaksiyalardan əldə etməsidir.

Hal-hazırda bu yazını oxuya bilməyiniz, gözünüzün torlu qişa təbəqəsindəki milyonlarla hüceyrənin fasiləsiz şəkildə oksigenlə qidalanması sayəsində mümkün olur. Əgər qanınızdakı oksigen miqdarı azalsa, “gözünüz qaralar”. Bunun kimi, bədəndəki bütün əzələlərin, bu əzələləri təşkil edən hüceyrələrin hamısı, karbon birləşmələrini “yandıraraq”, yəni oksigenlə reaksiyaya daxil edərək enerji əldə edər. Bu enerji əldə edildikdə isə, ortaya bədəndən kənarlaşdırılmalı olan karbon çıxar.

Məhz bunun üçün nəfəs alarıq. Havanı içimizə çəkdiyimiz vaxt, ağ ciyərlərimizdə olan təxminən 300 milyon kiçik kisəciyə oksigen dolar. Bu kisəciklərin divarlarını əhatə edən kapilyar damarlar dərhal bu oksigeni çəkər və əvvəlcə ürəyə sonra isə, bədənin hər yerinə daşıyarlar. Kapilyar damarlar oksigeni içəri alarkən, eyni anda tullantı maddəsi olan karbon qazını buraxarlar. Yarım saniyə davam etməyən bu əməliyyat sayəsində, içimizə çəkdiyimiz təmiz (oksigenli) havanı, çölə çirkli (karbon qazlı) hava olaraq verərik.

Ağciyərlərimizdə niyə 300 milyon kisəcik olduğunu düşünə bilərsiniz. Bundakı məqsəd, ağciyərlərin hava ilə təmas edən sahəsini maksimuma həddə çatdırmaqdır. Kisəciklər sayəsində sıxışdırılmış bu sahə əslində o qədər böyükdür ki, əgər bu sahəni ağciyərin içindən çıxardıb düz bir səthə yaysaq, bir tennis meydançası qədər yer tutar.

Burada bir nöqtəyə diqqət yetirək: Ağciyərlərdəki kisəciklərin və dolayısilə bu kisəciklərə gedən kanalların bu qədər dar olması, oksigen sorulmasını artırmaq üçün, yaradılmış möhtəşəm bir strukturdur. Lakin bu struktur, digər bir şərtin təmin olunmasından asılıdır: Havanın sıxlığının, axıcılığının və təzyiqinin, bu qədər dar kanallar içində asanlıqla hərəkət edə biləcək ölçülərdə olmasından.

Havanın təzyiqi 760 mm civə sütunudur. Sıxlığı, dəniz səviyyəsində hər litrdə təxminən bir qrama yaxındır. Dəniz səthindəki sıxlıq isə, suyun əlli misli qədər çoxdur. Əhəmiyyətsiz rəqəm hesab edə biləcəyimiz bu qiymətlər, əslində həyatımız üçün çox kritikdir. Çünki,“tənəffüs edən canlıların mövcud ola bilməsi üçün, atmosferin ümumi xarakteristik xüsusiyyətləri (sıxlığı, axıcılığı, təzyiqi və s.) hazırkı qiymətlərə xeyli yaxın olmalıdır”.(1)

Ağciyərlərimiz nəfəs alarkən “hava müqaviməti” adlı qüvvəyə qarşı enerjidən istifadə edərlər. Hava müqaviməti, havanın hərəkətə qarşı göstərdiyi durğunluq meylidir. Lakin bu müqavimət, atmosferin xüsusiyyətləri sayəsində çox zəifdir və ağciyərlərimiz asanlıqla havanı içəri çəkib çölə buraxa bilərlər. Bu müqavimətin bir qədər artması isə, ciyərlərimizin çətinlik çəkməyə başlamasına səbəb olacaq. Buradakı məntiqi bir misalla izah etmək olar: Bir şprisin iynəsindən su çəkmək asandır, lakin eyni iynə ilə bal çəkmək olduqca çətindir. Çünki bal, sudan daha az axıcılığa və daha böyük sıxlığa malikdir.

Məhz atmosferin sıxlıq, axıcılıq, təzyiq kimi qiymətləri bir qədər dəyişsə, nəfəs almaq bizim üçün bir şprislə bal çəkmək kimi çətinləşəcək. Bu vəziyyət qarşısında; “o zaman şprisin iynəsi qalınlaşa bilər” deyə düşünmək, yəni ağciyər kanallarının genişləndirilməsini məsləhət görmək isə, yanlışdır. Çünki bu zaman ağciyərlərin hava ilə təmas edən sahəsi çox kiçilər və ağciyərlər bədən üçün lazımi oksigeni ala biləcək quruluşa sahib olmaz. Yəni havanın sıxlıq, axıcılıq, təzyiq kimi qiymətlərinin mütləq müəyyən intervalda olması şərtdir və bu gün tənəffüs etdiyimiz havanın sahib olduğu qiymətlər, tam da bu kiçik interval daxilindədir.

Maykl Denton (Michael Denton), bu mövzu barədə bunları söyləyir:

“Əgər havanın sıxlığı və ya durğunluğu bir qədər artıq olsaydı, hava müqaviməti çox yüksələcək və tənəffüs edən bir canlı üçün, ehtiyac duyduğu oksigen miqdarını təmin edəcək bir tənəffüs sistemi dizayn etmək qeyri-mümkün olacaqdı… Mümkün atmosfer təzyiqləri ilə mümkün oksigen miqdarlarını müqayisə edərək, “həyat üçün əlverişli” bir ədədi qiymət axtardığımız vaxt, çox məhdud bir intervalla qarşılaşarıq. Həyat üçün lazım olan bir çox şərtin bu kiçik intervalda yerinə yetməsi (eləcə də, atmosferin də bu intervalda olması), əlbəttə ki, çox fövqəladə uyğunlaşmadır”.(2)

Atmosferin ədədi qiymətləri, yalnız bizim tənəffüsümüz üçün deyil, göy planetin “göy” kimi qalması üçün də əhəmiyyətlidir. Əgər atmosfer təzyiqi hazırkı qiymətindən beşdə bir qədər belə azalsa, dənizlərdəki buxarlanma miqdarı çox yüksələcək və atmosferdə çox yüksək səviyyəyə çatacaq su buxarı bütün Yer kürəsi üzərində “parnik effekti” yaradaraq planetin temperaturunu həddən artıq yüksəldəcək. Əgər atmosfer təzyiqi hazırkı qiymətindən bir qat daha artıq olsa, bu dəfə, atmosferdəki su buxarı miqdarı böyük ölçüdə azalacaq və quru səthinin demək olar ki, hamısı səhralaşacaq.

Bütün bu tarazlıqlar, Yer kürəsinin digər xüsusiyyətləri kimi atmosferinin də insan həyatı üçün xüsusi olaraq yaradıldığını göstərir. Elmin göstərdiyi bu həqiqət, bizə kainatın nəzarətsiz maddə yığını olmadığını bir daha sübut edir. Əlbəttə ki, bütün kainata hakim olan, maddəni istədiyi kimi şəkilləndirən, qalaktikaları, ulduzları və planetləri qüdrəti altında saxlayan bir Yaradıcı var.

Bu üstün Yaradıcı, Quranda bizə öyrətmiş olduğu kimi, bütün kainatın Rəbbi olan Allahdır.

Üzərində yaşadığımız göy planet isə, Allah tərəfindən bizim həyatımız üçün xüsusi olaraq nizamlanmış və Quranda bildirildiyi kimi,Yer insan üçün “döşənmişdir”(Naziat surəsi, 30). Allahın Yeri insan üçün yaratdığını bildirən bəzi digər ayələr isə belədir:

Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi gözəl şəklə salan, sizə pak nemətlərdən ruzi verən Allahdır. Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allah nə qədər Ucadır! (Mümin surəsi, 64)

Yeri sizin ixtiyarınıza verən Odur. Onun hər tərəfində gəzin və Allahın ruzisindən yeyin. Qayıdış da Onadır. (Mülk surəsi, 15)

 

1) Michael Denton, Nature’s Destiny, səh. 127

2) Michael Denton, Nature’s Destiny, səh. 128

178 total views, 1 views today

FİKİR BİLDİR
loading...